Əsas menyunu aç

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oğlu d.  24 may 1863-cü il, Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö.  31 avqust 1942-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı pedaqoq və ilk etnoqraf alim. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) də müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir.

Rəşid bəy Əfəndiyev
Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu
Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyev
Doğum tarixi 24 may 1863(1863-05-24)
Doğum yeri Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 31 avqust 1942 (79 yaşında)
Vəfat yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Nuxa qəza məktəbi (1873 – 1878), Qori seminariyası (1878 – 1882), Tiflis Aleksandrov Müəllimlər İnstitutu (1892 – 1895)
Əsərlərinin dili azərbaycan dili
Janr şeir, hekayə, pyes
İlk əsəri “Qan ocağı” pyesi

Haqqında məlumatlarRedaktə

1863-cü ildə Nuxa şəhərində, ruhani məmur ailəsində anadan olub.

TəhsiliRedaktə

1870 – 1873-cü illərdə molla məktəbində,

1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində (rus dilində),

1878 – 1882-ci illərdə Qori seminariyasında,

1892 – 1895-ci illərdə isə Tiflis Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb.

İş yerləriRedaktə

1882 – 1888-cı illərdə Nuxa qəzasının Qutqaşen kənd məktəbində,

1890 – 1892-cı illərdə Nuxa qəzasının Xaçmaz kənd məktəbində müdir və müəllim,

1892-ci ildə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyib.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyib.

1916-cı ildə İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilib.

1918 – 1920-ci illərdə Bakı kişi seminariyasının direktoru olub.

1920-ci ildən sonra pedaqoji fəaliyyətini Nuxada davam etdirib, Nuxa pedaqoji məktəbində müəllim işləmiş, eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi olmuşdur.

Elmi, pedaqoji və ədəbi yaradıcılığıRedaktə

1871-ci ildə – Qori seminariyasının üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.

Qori seminariyasında təhsil alarkən klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyl oyadıb.

Qutqaşen məktəbində işlədiyi dövrdə səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanmış, məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrətmiş, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı. O, azərbaycanlıların təhsil aldığı məktəblərdə tədrisin dövrün tələblərinə uyğun olmasına çalışmış, bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxmışdır.

1890 – 1892-ci illərdə Nuxa qəzasının Xaçmaz kəndində yeni “üsuli-cədid” məktəbi yaradıb və orada azərbaycan dilini və rus dilini tədris edib.

Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil aldıqdan sonra məktəblərdə dərs vəsaitlərinə olan ehtiyacı aradan qaldırmaq üçün azərbaycan dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyib. Artıq onun on il müəllimlik təcrübəsi və xeyli material toplanması buna imkan verirdi. Öz tərcümeyi-halında göstərirdi ki,

  Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım.  

Rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin azərbaycanca məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratmış, Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etmişdir.

“Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirdikdən sonra ikinci dərsliyin – “Bəsirətül-Ətfal” ədəbiyyat dərsliyinin, üzərində böyük həvəslə çalışmağa başlayıb.

“Bəsirətül-Ətfal” müəllimlər üçün metodik vəsait olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya və s. mövzular bu dərsliyi məktəb uşaqlarının ensiklopedik məlumat kitabına çevirirdi.

1901-ci ildə “Bəsirətül-Ətfal” Bakıda iki min nüsxə tirajla çap olunmuş, azərbaycan dili tədris olunan bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris vəsaiti kimi istifadə edilmişdir.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyərkən dərsdənkənar ədəbiyyat dərnəkləri və teatr truppası təşkil edib. Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilmiş, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunmuş, teatr truppası isə azərbaycan və rus dillərində teatr tamaşaları göstərmişdir.

Bakı və Tiflis dövri mətbuatında vaxtaşırı çap etdirdiyi məqalələrində məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil və məktəb məsələləri barədə tənqidi münasibətini bildirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 − 1920) Bakı kişi seminariyasının direktoru vəzifəsində işləyərkən xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işlərində, o cümlədən, Maarif Nazirliyi yanında təşkil olunmuş əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.

1924-cü ildə Azərbaycanın I Ölkəşünaslıq Qurultayına nümayəndə və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilib.

VəfatıRedaktə

1942-ci il avqust ayının 31-də – 79 yaşında, Nuxada vəfat etmiş, Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn edilmişdir.

XatirəsiRedaktə

Şəkidə ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır.

60, 70, 100 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur.

AiləsiRedaktə

2 oğlu və 4 qızı olub;

Oğllanları:

  • Məmməd Əfəndiyev (1887 – 1977) – Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965) və professor olub.
  • Nadir Əfəndiyev – həkim-cərrah olub.

Qızları:

  • Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) – atası kimi bütün ömrünü xalq maarifi işinə həsr etmiş, Tərtərdə, Qarğabazarda (indiki Füzuli rayonu), Nuxada ilk Azərbaycan qız məktəblərinin yaradılmasında və pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.
  • Mahtaban Əfəndiyeva-Rüstəmova (1900-1972) – 1915-ci ildə Nuxada açılmış “Müqəddəs Nina” qız gimnaziyasında müəllim işləmiş, 1920-ci ildə Nuxada açılmış Darülmüəllimatın (müəllimələr institutu) ilk müdiri olmuşdur, sonralar Vartaşendə rus və fransız dillərindən dərs deyib.
  • Cəmilə Əfəndiyeva-İbrahimbəyli (1902-1978) – Nuxada və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.

ƏsərləriRedaktə

Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı-2016.

İstifadə edilmiş mənbələrRedaktə

Samirə Kərimova (10 Oktyabr 2015). Rəşid bəy Əfəndiyev/Maarif fədailərimiz (az). Azərbaycan müəllimi. Archived from the original on 1 May 2017 - 27 Sep 2019. https://web.archive.org/web/20180615025303/https://www.muallim.edu.az/www.old/arxiv/2015/37/31.htm.